Şuşa

Yuxarı Gövhər ağa məscidi

Abidənin ünvanı:

Abidənin tarixi:

Əhəmiyyət dərəcəsi:

Şuşa şəhəri

1768—1769-cu illər

Ölkə Əhəmiyyətli

QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR

Yuxarı Gövhər ağa məscidi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi (inventar № 344, tarixi- 1768—1769-cu illər) dövlət qeydiyyatına alınmışdır. Qarabağ xanlığının mərkəzini Şahbulaq qalasından Şuşaya köçürməyə qərar verən Pənahəli xan yeni şəhər və infrastruktur tikililərini inşa etməyə rəvac verir. 1750–ci illərdə onun göstərişi ilə Şuşa qalası, qala daxilində xan ailəsi üzvləri üçün malikanə və saraylar, o cümlədən məscid də inşa edilir. Şuşada həmin dövrdə bütün tikililər kimi “Yuxarı Gövhər ağa” məscidi də ilkin olaraq kiçik həcmdə inşa edilmişdir. Həmin məscidin memarlıq xüsusiyyətləri haqqında heç nə məlum deyil. Qarabağ tarixçisi Baharlının məlumatına görə, məscid iki qapıya malik idi. E.Avalovun “Şuşa şəhərinin memarlığı” adlı kitabında isə bele qeyd olunur: Qamışın inşaat materialı kimi seçilməsi məscidin tez bir zamanda inşa olunması üçün idi. Lakin bu məlumatın nə dərəcədə dəqiq olub-olmaması barədə məlumat yoxdur. Pənahəli xanın oğlu İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra, miladi 1768-1769-cu illərdə (hicri 1182-ci il) ilkin tikilmiş kiçik həcmli binanın yerində qoşa minarəli iri həcmli məscid tikdirir. Yeni məscidin inşasında ağ rəngli yerli qaya daşından, bişmiş kərpicdən istifadə olunmuşdur. Biblioqrafik məlumatlara əsasən məscidin növbəti dəfə XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli növbəti məscid inşa etdirdiyi qeyd olunur. Bu barədə Qarabağ xanlığının baş vəziri olmuş tarixçi Mirzə Camal Cavanşir Qarabaği (1773 – 1853) 1847 – ci ildə qələmə aldığı “Qarabağ tarix”əsərində İbrahim xandan qalmış bina və imarətləri qeyd edərkən belə yazır: “I müsəlman tarixi il 1182-ci ildə (1768/69) tikilmiş böyük camaat məscididir. Bu məscid köhnəldikdən sonra onu möhtərəm qızı rəhmətlik Gövhər ağa təmir edib, əvvəlkindən daha gözəl şəklə salmışdır” Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid vandalizmə məruz qalmış, məscidin minarələri erməni əsgərləri tərəfindən hədəfə alınaraq atəşə məruz qalmışdır. Ermənistan Respublikası 2019-cu ildə növbəti təxribata əl ataraq, Yuxarı Gövhər-ağa məscidində “bərpa” işləri aparmış və abidənin fars məscidi olmasını iddia etmişdir.