Ana səhifə / Məramımız
Məramımız
Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün uğurlu hərbi əməliyyatlar həyata keçirmiş, 30 ilə yaxın düşmən tapdağında olan ərazilərimiz həqiqi sahibinə geri qaytarılmışdır.
Hazırda işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var ki, bu abidələrin əksəriyyəti məhv edilmiş və ya mənimsənilmişdir. Dövlət qeydiyyatına alınan abidələrin siyahısı aşağıdakılardır.
- - 6 dünya əhəmiyyətli memarlıq abidələri
- - 5 dünya əhəmiyyətli arxeoloji abidələr
- - 119 ölkə əhəmiyyətli memarlıq abidələri
- - 121 ölkə əhəmiyyətli arxeoloji abidələr
- - 393 yerli əhəmiyyətli memarlıq abidələri
- - 23 yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidələri
- - 22 yerli əhəmiyyətli arxeoloji abidələr
- - 17 dekorativ-tətbiqi sənət nümunələridir.
İşğal edilmiş ərazilərdə yerləşən dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri - Ağdam rayonunda Qutlu Musa oğlu türbəsi, Üzərliktəpə yaşayış yeri, Cəbrayıl rayonunda Xudafərin körpüləri, Niftalı kurqanları, Xocavənd rayonunda Azıx və Tağlar mağara düşərgələri, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Şuşa şəhərində Şuşa Tarix-Memarlıq Qoruğu, Xocalı rayonunda Xocalı kurqanlarıdır.
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası üçün Dövlət Xidmətinin əməkdaşları işğaldan azad olunmuş rayonlara ezam edilmiş və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə başlanılmışdır.
İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsinə baxış keçirilmişdir.
Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 108 obyektin* (yeni aşkar olunmuş abidə) monitorinqi aparılmışdır.
Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilmişdir.