Ağdam

Qutlu Xacə Musa oğlu türbəsi

Abidənin ünvanı:

Abidənin tarixi:

Əhəmiyyət dərəcəsi:

Xaçın Türbətli kəndi

1314-cü il

Dünya Əhəmiyyətli

QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR

Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünə aid xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında «Sarı Musa türbəsi » adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşası 15 iyul 1314-cü ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o dövrdəki Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşmış, həmin ərazidə mövcud olan kənd Xaçın Türbətli adlandırılmışdır. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aran memarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur. Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var. 1993-cü ildə Ağdamın işğalından sonra ermənilər türbədəki divar rəsmlərini və divar daşları üzərindəki yazıları pozub yerinə kiçik xaç şəkilləri və erməni yazıları həkk ediblər. 20 noyabr 2020-ci ildə Ağdam rayonunun işğaldan azad edilməsi nəticəsində Qutlu Musa türbəsi də işğaldan qurtulmuşdur.