Ağdam
Pənah xanın sarayı
Abidənin ünvanı:
Abidənin tarixi:
Əhəmiyyət dərəcəsi:
Ağdam şəhəri
XVIII əsr
Yerli Əhəmiyyətli
QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR
Pənah xanın imarəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inventar № 4026, tarixi- XVIII əsr) dövlət qeydiyyatına alınmışdır. Birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş memarlıq abidəsi Ağdam şəhərində yerləşir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdaraq Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. Ağdam sarayı bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış otaqlardan ibarətdir. Mərkəzi zalın qarşısında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir. Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşmişdir. İmarətin ərazisində hazırda müşahidə olunan saman və peyin qalıqları, habelə müxtəlif tullantılar işğal dövründə abidənin mədəni-tarixi təyinatına uyğun olmayan şəkildə, heyvanların saxlanıldığı yer kimi istifadə olunduğunu göstərir.