Şuşa

Bülbülün evi

Abidənin ünvanı:

Abidənin tarixi:

Əhəmiyyət dərəcəsi:

keçmiş Orconikidze küçəsi

XIX əsr

Ölkə Əhəmiyyətli

QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR

Muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər saxlanılırdı. Muzeydə onun şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Divarda Bülbülün 1925-1926-cı illərdəki konsert afişaları asılmışdı. Ekspozisiyada Bülbülün Azərbaycanda 20-ci illərdə Gəncədəki fəaliyyəti, mədəni inqilab illərində Azərbaycanda musiqi quruculuğunda fəal iştirakı əks etdirilmişdi. Vitrinlərdə Bülbülün komsomol və həmkarlar ittifaqındakı fəaliyyətindən danışan sənədlərin foto surətləri, Bakıdakı ifaçılıq fəaliyyəti, Azərbaycan Dövlət Konservatoriyasında və İtaliyada təhsili haqqında sənəd və materiallar, italyan jurnalı "Arte Nostra"da Bülbülün böyük portreti və onun haqqında məqalə, dostları və ailəsi ilə şəkilləri nümayiş etdirilirdi. Foto şəkillərlə yanaşı burada Bülbülün əlyazmaları, dərc edilmiş məqalə və məruzələri də var idi. İkinci otaqda Bülbülün ailəsi, dostları, həmkarları ilə şəkilləri ekspozisiya edilmişdi. Vitrinlərdə Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, eləcə də xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.[1] Burada Bülbülün iştirak etdiyi opera tamaşalarının afişaları, yaratdığı obrazları, ayrı-ayrı premyera və yubiley tamaşalarından səhnələri əks etdirən şəkilləri, məruzələri, onun iştirak və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, rəsmi məktubların əsli və fotosurətləri göstərilmişdi. Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər də burada geniş yer tuturdu. Həmin otaqda Bülbülün əmək adamları, sərhədçilər, uşaqlarla görüşlərinin fotoşəkilləri nümayiş etdirilirdi.